Yanğına davamlı qapılar

Yanğına davamlı qapı qapalı məkanlarda tüstü və alovun yayılmasının qarşısını alan qapı növüdür.

Yanğına davamlı qapıların əsas vəzifəsi yanğın mənbəyindən alışqan məhsulların və alovun kənara yayılmasının qarşısını almaqdır. Bu qapılar təxliyyə yollarındakı inşaat boşluqlarının bağlanması üçün nəzərdə tutulub.

Yanğına davamlı qapıların əsas göstəricisi yanğına dayanıqlılıq müddətidir və bu yanğına davamlı qapının yanğın zamanı yaranan yüksək temperaturun təsiri altında özünün qoruyucu xüsusiyyətlərini hansı müddət ərzində qoruyub saxlamağını göstərir. Yanğına davamlı qapılarda yanğına dayanıqlılıq müddəti dəqiqələrlə ölçülür – 15, 30, 60 və s. və dəqiqələr müvafiq olaraq EI-15, EI-30, EI-60 kimi işarə olunur. Yanğına davamlı pəncərələrin yanğına dayanıqlılıq müddəti onların bütövlüyünün itdiyi zamanla ölçülür E-15,E-30,E-60.

Yanğına dayanıqlılıq sınağı müddətində konstruksiyaların ən aşağı dözümlülük həddi son hədd kimi götürülür. Yəni, qapı sınaq zamanı isti izolyasiyası xüsusiyyətini (I) 35-ci dəqiqədə, bütövlüyünü isə (E) 65-ci dəqiqədə itirərsə, bu zaman qapının yanğına dayanıqlılıq müddəti EI-30 təyin olunur.

Yanğına dayanıqlılıq göstəricilərini “verilən dəqiqədən (15, 30, 45, 60) az olmayaraq” kimi oxumaq lazımdır, yəni yanğına dayanıqlılıq müddəti EI-60 olan qapılar yanğından qorumaq keyfiyyətini 60 dəqiqədən çox qoruya bilər, amma bu 60 dəqiqədən az ola bilməz.

Yanğına dayanıqlılıq müddəti sınaq mərkəzlərində mövcud standartlara müvafiq olaraq alovla keçirilən sınaqlarla təsdiqlənməlidir. Sınaqdan uğurla keçən qapılar Yanğın Mühafizə Sertifikatı alır. Yanğına davamlı qapıların nişanlarında məhsulun adı, istehsalçının adı və ya məhsulun mənşəyi,yanğına dayanıqlılıq müddəti və başqa xüsusiyyətlərinin göstəriciləri qeyd olunmalıdır. Şəffaf dolğu kimi istifadə olunan yanğına davamlı şüşələr də müvafiq nişana sahib olmalıdırlar.